Dekabrın 12-dən 15-ə qədər Moskvada IV Beynəlxalq “Kukla Sənəti”sərgisi təşkil edildi. Tədbirin təşkilatçısı rolunda “Dünya Kuklaları” fondu çıxış edir. Bu dəfə keçirilmə yeri kimi Moskvanın lap mərkəzində yerləşən məşhur Gostiniy Dvor meydanı seçildi. Hər il vüsət və ekspozisiyaya görə nüfuzlu hesab olunan bu sərgidə dünyanın müxtəlif öləkərindən kukla sənəti üzrə ən yaxşı müəlliflərin işləri toplanılır. Sərgiyə dünyaca məşhur qalereyalar dəvət olunur və misligörünməmiş layihələr həyata keçirilir.
Bu il bu mötəbər sərgiyə “Kukla” Art-qalereyası da dəvət almışdı. Nümayəndə heyətinə “Kukla” Art -qalereyasının sahibəsi Lalə Kazımova və qalereyanın direktoru Liana Vəzirova rəhbərlik edirdi. Sərgidə Pərviz Hüseynov, İrina Qundorina və Tamilla Qurbanova kimi tanınmış kukla ustaları iştirak etdi.
“Kukla” Art- qalereyasının ekspozisiyasında Elmira Abbaslının tamaşaçılarımıza çox yaxın olan, hamı tərəfindən çox sevilən və obrazlarına görə dərhal tanınan “Abdulla Bəy” və “İntizarda” kimi möhtəşəm personaj işləri təqdim edilmişdir.
İlk dəfə olaraq bu sənət növündə yeni addımlarını atan istedadlı kukla ustası Fərəh Əliyevanın məzmununa görə əsrarəngizliklə zəngin olan “Bakılı qız” kuklası təqdim edilmişdi.
 alt=“Kukla” Art-qalereyası tamaşaçıların mühakiməsinə həm də Pərviz Hüseynov və İrina Qundorinanın təqdimatı Bakıda 2013-cü ilin oktyabrında uğurla keçən “Marssayağı espresso” layihəsindən olan “Sena çayı boyunca üzərkən” və “Karamelli Latte” adlı fəlsəfi işlərini, habelə Liana Vəzirovanın şəxsi kolleksiyasında saxlanılan onların daha erkən işləri olan “Qara qəhvə mələyi” və “Qızıl balığın üzməsi” işlərini təqdim etmişdir. Tamilla Qurbanovanın sənəti isə ümumi qadın mövzusunda tərtib edilmiş işlər seriyasında əks edilmişdir: həyat enerjisinin rəmzi olan “Narın dadı”, qadın başlanğıcı kimi “Oyanış” və pərinin tısbağaya dönməsi haqqında Yunan mifologiyasının süjetinə həsr olunmuş “Metamorfoza”.
IV Beynəlxalq “Kukla Sənəti” sərgisində təmsil olunan “Kukla” Art- qalereyası yalnız sərgi təşkilatçılarının deyil, rusiyalı tamaşaçıların da sevincinə və böyük marağına səbəb oldu. IV Beynəlxalq “Kukla Sənəti” sərgisinin açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova da iştirak edirdi. O, ümumilikdə bu tədbirin miqyasını qeyd etdi və həmvətənlərinin işlərinə valeh olduğunu bildirdi. Bundan başqa Lalə Kazımova “Kukla Sənəti” sərgisində çıxış etdi və hamını Azərbaycanın adından salamladı. O, bu tədbiri yüksək qiymətləndirdi, bu cür sərgilərin önəmini vurğuladı, hər kəsə uğur, “Dünya Kuklaları” Mədəniyyət fonduna isə yeni və maraqlı layihələrin həyata keçirməsini arzuladı. Sərgi çərçivəsində həm də kukla qalereyalarının direktorlarının iştirakı ilə beynəlxalq sərgilərin təşkilatçılarının görüşü keçirildi. “Kukla” Art- qalereyasının direktoru Liana Vəzirova da bu görüşdə iştirak etdi. Görüş zamanı birgə layihələr və hər il keçirilən “Pandora Platinum” milli mükafatında Azərbaycandan nümayəndənin də iştirakı müzakirə edildi.